Fransada ilk dəfə insanda Şamonda virusu aşkar edilib. Bu, sözügedən virusun dünya üzrə insanda qeydə alınması ilə bağlı ilk sənədləşdirilmiş haldır.
VOİCEPRESS xəbər verir ki, Fransa səhiyyə orqanlarının məlumatına görə, virus ağır immunçatışmazlığı olan xəstədə müəyyən edilib. Lion Mülki Hospitallarında müalicə olunan həmin şəxs oktyabrın əvvəlində vəfat edib.
Bildirilib ki, hazırda klinik, laborator və epidemioloji araşdırmalar aparılır. Bu günədək əhali üçün sağlamlıq riski müəyyən olunmayıb.
Qeyd edək ki, Şamonda indiyədək insanlara yoluxmayan virus kimi tanınıb. O , heyvanlara dişləyici həşəratlar vasitəsilə ötürülən virusdur. Şamonda bu ilin yayında Avropada, o cümlədən Fransada ilk dəfə maldarlıq təsərrüfatlarında aşkarlanıb.
Fransanın səhiyyə orqanları hadisə barədə Ümumdünya Səhiyyə Təşkilatına və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinə məlumat verildiyini açıqlayıb.
VOİCEPRESS