Cəlal Çiftçi Azərbaycandan üzr istədi: “İfadələrimin nəticələrini daha diqqətlə qiymətləndirməli idim”
Türkiyəli köşə yazarı Cəlal Çiftçi Azərbaycanda doğurduğu narazılığa görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib. O, açıqlamalarının yanlış anlaşılmasına səbəb olan ifadələrə görə təəssüfləndiyini bildirərək, ölkənin daxili işlərinə müdaxilə etmək və ya konstitusiya quruluşuna qarşı çağırışlar etmək niyyətində olmadığını bəyan edib.
VOICEPRESS xəbər verir ki, bu barədə Çiftçi özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Qardaş Azərbaycanda açıqlamalarımın səbəb olduğu inciklik və kədərə görə təəssüflənirəm. İstifadə etdiyim ifadələrə görə Azərbaycan dövlətindən və xalqından səmimi şəkildə üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm”, — deyə o yazıb.
Çiftçi bildirib ki, məqsədi jurnalist kimi hicab məsələsinə həssaslığını, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olub. Bununla belə, fikirlərini çatdırarkən seçdiyi ifadələrin mümkün nəticələrini daha diqqətlə qiymətləndirməli olduğunu etiraf edib.
“Lakin fikirlərimi çatdırarkən istifadə etdiyim ifadələrin mümkün nəticələrini daha diqqətlə qiymətləndirməli və fikirlərimi daha aydın bildirməli idim”, — deyə köşə yazarı qeyd edib.
O, Azərbaycan dövlətinə və xalqına qarşı hər hansı düşmənçilik niyyətinin olmadığını vurğulayaraq, ölkənin daxili işlərinə qarışmaq, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətinin olmadığını bildirib.
Çiftçi, həmçinin dini nifrət və düşmənçiliyi, eləcə də ayrı-seçkiliyi təşviq etmək niyyətində olmadığını qeyd edib və bu istiqamətdə irəli sürülən ittihamları rədd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.
VOİCEPRESS