Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb.
Prezident İlham Əliyev sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsi müddətinin uzadılması ilə bağlı Sərəncam imzalayıb. Dəyişiklik şəhid ailələrinin mənzil təminatını, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını və əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərindən yararlanmasını əhatə edir.
VOICEPRESS xəbər verir ki, müvafiq dəyişiklik “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncama edilib.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaitləri hesabına həyata keçirəcək.
Qərar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin edilməsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi davam etdiriləcək.
Bununla yanaşı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri və müvafiq reabilitasiya xidmətləri ilə təmin olunması da maliyyələşdirmə çərçivəsində qalacaq.
Xatırladaq ki, əvvəlki qərara əsasən, bu tədbirlərin maliyyələşdirilməsi 2026-cı ilədək nəzərdə tutulmuşdu. Yeni dəyişikliklə müddətin 2029-cu ilədək uzadılması sosial müdafiə tədbirlərinin davamlılığının təmin edilməsinə yönəlib.
VOİCEPRESS